Xarici investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma qaydası Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilən “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizəyə aşağıdakılar əlavə edilir:
-hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;
-hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;
-“Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilərin məlumatları barədə əlavəsi. Qurumun təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda ayrı-ayrılıqda hər iki əlavə forması doldurulur. Təsisçi fiziki şəxsə aid əlavə formasında göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müvafiq təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər- qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) qanunvericilikdə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;
-təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənəd;
-dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin müvafiq əlavəsi ilə təqdim olunur. Əlavədə göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin səxsiyyətini təsdiq edən sənədin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
-məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair);
- hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin müvafiq əlavəsi ilə təqdim olunur;
-ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.
Qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.
Müştərək kommersiya qurumlarının yaradılması zamanı da xarici investisiyalı kommersiya hüquqi səxslərin qeydiyyatı üçün tələb olunan sənədlər ərizəyə əlavə edilir.
Banklar və sığorta şirkətləri, ali və orta təhsil müəssisələri yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyatı orqanın ilkin razılığı barədə sənəd tələb olunur.