Ər-arvadın birgə ümumi mülkiyyəti nə deməkdir və necə tənzimlənir?
Cavab: Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi MM-in 225-ci, AM-in 31-37-ci maddələri ilə müəyyən edilir. MM-in 225-ci maddəsinin 1-ci bəndində göstərilir ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir (AM-in 32-ci maddəsinin 1-ci bəndi). Ər-arvadın birgə ümumi mülkiyyətinin obyekti qismində birgə nikah dövründə əldə edilən və qazanılan əmlak çıxış edir.
Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin qanunla qadağan edilməyən fəaliyyət nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, onların ümumi gəlirləri hesabına əldə edilən əşyalar, qiymətli kağızlar, kredit idarələrinə qoyulmuş paylar, əmanətlər və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxil ola bilər.
Ər-arvadın birgə mülkiyyət hüququn obyekti kimi çıxış edə bilməz:
1) nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak;
2) ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak (məsələn, bağışlama);
3) zinət əşyaları və daş-qaş şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.). Ümumi birgə mülkiyyət hüququn obyekti olmayan belə əmlak növləri ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Fərdi istifadə şeyləri, yəni paltar, ayaqqabı, geyim və s. Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olursa, onun əmlakı sayılır.
Ər-arvaddan hər hansı birinin əmlakı onların ümumi birgə mülkiyyəti sayıla bilər. Bunun üçün nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsaitin qoyulduğunun müəyyənləşdirilməsi zəruridir (MM-in 225.4 maddəsi, AM-in 35-ci maddəsi). Əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulması dedikdə, əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. başa düşülür.
MM-in 225-ci maddəsinin 5-ci bəndinə əsasən, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmasın.
AM-də ər-arvad arasında yaranan əmlak münasibətləri üçün iki rejim nəzərdə tutulur: qanuni rejim (7-ci fəsil, 31-37-ci maddələr); müqavilə rejimi (8-ci fəsil, 38-42-ci maddələr).
Nikah müqaviləsi ilə başqa qayda nəzərdə tutulmayıbsa ər-arvadının əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (AM-in 31.1 maddəsi).
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi dedikdə, nikah müqaviləsi ilə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişməklə ümumi əmlaka, onun ayrı-ayrı növlərinə vəya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkyyət rejimi tətbiq edilməsi başa düşülür. Müqavilə rejimi bizim qanunvericilik üçün yenilikdir.